«AzerGold» QSC bu gün $10 milyon həcmində istiqrazlar yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“Sentyabrın 24-də “AzerGold” QSC $10 milyon həcmində istiqrazların ilk tranşını yerləşdirib. İstiqrazlar üzrə $25 milyon 592,6 min məbləğində sifariş toplanıb”, - deyə məlumatda bildirilir.
Hərrac zamanı 40 investor tərəfindən sifariş təqdim edilib.
İstiqrazların tədavül müddəti 3 il, kupon faizi illik 4%-dir. Emissiya hər birinin nominal dəyəri $100 olan 100 min ədəd istiqraza bölünüb.
Xəbər verildiyi kimi, “AzerGold” QSC $20 milyon dəyərində (hər biri $10 milyon olan iki tranşla) istiqrazların ilk emissiyasını həyata keçirməyi planlaşdırır.
İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) yataqlarının resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Nizamnamə kapitalı 37 milyon manat təşkil edir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
Ə.Məmmədov