Ermənistan 2020-ci ilin iyul-sentyabr aylarında 1 min tondan çox hərbi yük alıb. "İnterfaks-Azərbaycan" agentliyinin verdiyi məlumata görə, bunu prezident İlham Əliyev deyib.
"Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfindən törədilmiş hərbi təxribatdan sonra bu ölkəyə hərbi yüklər göndərilib. Ümumilikdə Ermənistana 1 min tondan artıq hərbi yük daşınıb. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Biz bütün ölkələri Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşan Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”, - deyə Əliyev bu gün BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları çərçivəsində videoformatda çıxışı zamanı bildirib.
O, ATƏT-in Minsk qrupunun fəaliyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir nəticə verməməsindən təəssüfləndiyini bildirib.
"Danışıqlar nəticəyönümlü olmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulanmışdır. Biz həmin bəyanatları alqışlayırıq, lakin bəyanatlar kifayət etmir. Bizim real addımlara ehtiyacımız var", - deyə o qeyd edib.
Əliyev, həmçinin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə əsasən, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının yenilənmiş zaman qrafikinin tərtib edilməsinə çağırıb.
Prezident vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir. “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”, - deyə Əliyev vurğulayıb.*
A.Əzizov