“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Prezident Heydər Əliyev” tankerini əsaslı təmirdən sonra istismara qəbul edib. Bu barədə cəmiyyətdən məlumat verilir.
“Əsaslı təmir işləri “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb. Gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib”, - məlumatda deyilir.
Bununla belə, “Prezident Heydər Əliyev” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib.
Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.
“Prezident Heydər Əliyev” gəmisi ASCO-nun Nəqliyyat Donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. **
N.Abbasova