2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 4% - 14 milyard 685,1 milyon manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Azalma aprel-may aylarında 4 bankın liseniyasının ləğv olunması ilə şərtlənir.
Sentyabrın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 65,4 milyon manat (ilin əvvəlindən azalma 16,3% - İF) və ya bütün kreditlərin 7,3%-ni təşkil edir.
Sentyabrın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 614,8 milyon manat (artım 2,1%) və ya bütün kreditlərin 17,8%-i, özəl banklar tərəfindən 11 milyard 689,4 milyon manat (azalma 5,3%) və ya bütün kreditlərin 79,6%-i həcmində kredit verilib. Qalan 380,9 milyon manat (azalma 4,1%) bank olmayan kredit təşkilatlarının payına düşür.
2020-ci il sentyabrın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 44,6 milyon manat (artım 0,4%) milli valyuta, 4 milyard 640,5 milyon manat (azalma 12,2%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 31,6% (2019-cu ilin sonuna 34,6%) təşkil edir.
2020-ci il sentyabrın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 395,2 milyon manat (bütün kreditlərin 16,3%-i) ticarət və xidmət sahələrinin, 545,4 milyon manat (3,7%) energetika, kimya və təbii sərvətlər sektorunun, 557,7 milyon manat (3,8%) kənd təsərrüfatı və emal sahələrinin, 433,1 milyon manat (2,9%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 195 milyon manat (8,1%) sənaye və istehsal sektorunun, 901,8 milyon manat (6,1%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 659,6 milyon manat (45,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Hesabat dövründə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 4,6% azalıb.**
Ə.Məmmədov