Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar hərəkətlərinə hüquqi qiymət verməyə və növbəti hərbi təcavzü dayandırmağa çağırıb.
Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin növbəti dəfə kobud şəkildə pozulmasına və tələfatla nəticələnən təxribat cəhdlərinə etiraz olaraq bəyanat yayıb.
"Bu gün saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri və obyektləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.Ermənistanın növbəti dəfə mülki əhalini qəsdən hədəfə alması beynəlxalq hüquq normalarının, o cümlədən, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının müvafiq müddəalarının kobud surətdə pozulmasıdır”, - Ombudsmanın bəyanatında qeyd olunur.
Əliyeva qeyd edib ki, beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaradır.
“Beynəlxalq təşkilatları, dünya ictimaiyyətini respublikamızın BMT tərəfindən tanınmış ərazilərinin işğaldan azad olunması, Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə layiqli hüquqi qiymət verilməsi və beynəlxalq hüquq normalarının pozulmasının qarşısının alınması, eləcə də Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın pozulmuş fundamental hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq səylərlə çıxış etməyə - zəruri qətiyyətli addımlar atmağa və təxriəsalınmaz tədbirlər görməyə çağırıram", - bəyanatda qeyd olunur. **
Ə.Məmmədov