Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın tarixi vəzifəsidir, Bakı bu münaqişənin yarımçıq həllinə razı olmayacaq. Bunu bazar günü prezident İlham Əliyev deyib.
“Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”, - Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycana münaqişənin yarımçıq həlli lazım deyil.
“Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir», - Əliyev əlavə edib. **
Ə.Məmmədov