Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilini (Ombudsman) Səbinə Əliyeva Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində hərbi əməliyyatlar zamanı dinc Azərbaycan vətəndaşlarının həlak olmasına görə Ermənistan nümayəndələrinin cəzalandırılmasına nail olmaq məqsədilə xüsusi beynəlxalq tribunal yaradılmasını təklif edib.
“Dünya ictimaiyyəti bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalı, beynəlxalq müharibə cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılmasına nail olmalı, xüsusi beynəlxalq tribunal yaradılmalı və cinayətkar şəxslər barədə ədalətli qərar qəbul edilməlidir”, - Ombudsman Aparatının məlumatında qeyd olunur.
Həmçinin, Əliyeva qeyd edib ki, Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində bir ailənin 5 üzvü həlak olub.
“Bu hərbi təcavüz nəticəsində Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəaları kobud şəkildə pozulub. Bu hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir», - Əliyeva vurğulayıb. **
X.Nəsirzadə