Sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında baş tutmuş telefon danışığı zamanı Ermənistanın təmas xəttində törətdiyi təcavüz müzakirə olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İranın xarici işlər naziri cəbhə xəttində yaşanan gərginlikdən narahatlığını ifadə edərək, bölgədə sülhün təmin olunmasının vacibliyini qeyd edib. O, gərginliyin azaldılması üçün lazımı addımların atılmasının əhəmiyyətini vurğulayıb və İranın bu xüsusda hər zaman yardımçı olmağa hazır olduğunu qeyd edib”, - deyə məlumatda bildirilir.
Bayramov Ermənistan tərəfinin son aylar ərzində davam edən son dərəcə təxribatçı fəaliyyətinin davamı olaraq 27 sentyabr tarixində cəbhə xətti boyunca Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktının törədilməsi, azərbaycanlı mülki şəxslərin hədəfə alınması barədə həmkarına məlumat verib.
“O, dinc sakinərin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq cavab tədbirlərinin həyata keçirildiyini qeyd edib. Nazir bölgədə yaşanan bu gərginliyin bütün məsuliyyətinin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə