Prezident İlham Əliyev Fransa Respublikasının prezidenti Emmanuel Makronla telefon söhbəti zamanı Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi təxribat barədə Makrona ətraflı məlumat verib və məsuliyyətin Yerevanın üzərinə düşdüyünü bildirib.
Azərbaycan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, telefon söhbəti sentyabrın 27-də Fransa Respublikasının prezidenti Emmanuel Makronun təşbbüsü ilə baş tutub.
“E.Makron Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsindən ölkəsinin narahatlıq hissi keçirdiyini qeyd edib və münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Öz növbəsində, Əliyev qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur.
“Dövlət başçısı Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən və davam edən hərbi təxribatla bağlı hadisələrin gedişi barədə məlumat verərək qeyd edib ki, Ermənistanın Azərbaycan silahlı qüvvələrinin mövqelərini və cəbhə xətti boyu yerləşən yaşayış məntəqələrimizi ağır artilleriya silahlarından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub, Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq uğurlu əks-hücum əməliyyatları həyata keçirir”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan prezidenti bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Telefon söhbəti zamanı tərəflər diplomatik kanallar vasitəsilə təmasların həyata keçirilməsi barədə razılığa gəliblər.*
A.Əzizov