Prezident İlham Əliyev daxili işlər naziri Vilayət Eyvazovu hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edib.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, prezident İ.Əliyev Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalayıb.
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir; xüsusi giriş-çıxış rejimi tətbiq edilir; nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.*
N.Abbasova