Azərbaycanda şəhərlərarası avtobuslar saat 06:00-dan 20:00-dək işləyəcək
Azərbaycan ərazisində hərbi vəziyyətin elan olunması ilə əlaqədar şəhərlərarası ictimai nəqliyyatın iş qrafikində dəyişiklik edilib. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
“Azərbaycan ərazisində hərbi vəziyyətin elan olunması ilə əlaqədar şəhərlərarası avtobusların hərəkəti bu gündən etibarən saat 06:00-dan 20:00-dək təşkil ediləcək. Səbəb isə ondan ibarətdir ki, ictimai nəqliyyat sürücülərinin idarə etdikləri avtobusları qaraja qoyduqdan sonra evlərinə qayıtmaları üçün vaxt tələb olunur”, – deyə məlumatda bildirilir.
Prezident İlham Əliyev Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında fərman imzalayıb.
Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.
Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir; xüsusi giriş-çıxış rejimi tətbiq edilir; nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması üçün tədbirlər görülür.*
N.Abbasova