Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir, Ermənistan ordusunun desant həmlə taborunun komandiri Lernik Babayan məhv edilib. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.
“Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib. Düşmən sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir. Artıq Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib”, - deyə o qeyd edib.
A.Eyvazov bildirib ki, Talış kəndi istiqamətində gedən döyüşlərdə Ermənistan ordusunun desant həmlə taborunun komandiri Lernik Babayan məhv edilib.
“Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb. Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur”, - deyə mətbuat katibi vurğulayıb.*
B.Rüstəmbəyov