Ermənistan hücumları dayandırdıqdan və Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltdıqdan sonra regionda atəşkəs, sülh və sabitlik təmin edilə bilər. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
"Ermənistan hücumları dərhal dayandırmalı, xaricdən gətirdiyi muzdluları, terrorçuları geri göndərməlidir. Azərbaycanın işğal edilmiş torpaqlarını boşaltmalıdır. Beləliklə, atəşkəs, sülh və sabitlik təmin edilməlidir”, - deyə Akar bu gün bildirib.
O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə hücumlarını da pisləyib.
“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Kədərdə də, sevincdə də daim bərabərik. Sülh yolu ilə həllə çağırış edənlər, “dərhal atəşkəs” istəyənlər, dialoqu indi xatırlayanlar, Azərbaycan ərazisinin 20 faizi işğal altında olarkən, Xocalıda minlərlə günahsız insan vəhşicəsinə, haqq-hüquq tanımadan uşaq, qadın və yaşlı demədən qətlə yetirilərkən, 30 ildir milyonlarla insan evindən, yurdundan didərgin düşərkən harada idilər?”, - deyə Akar sual verib.*