Bakı və Ankara daim bir-birini tərəddüdsüz dəstəkləyir. Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı söylədiyi fikirlərə görə öz təşəkkürünü bildirir. Azərbaycan və Türkiyə “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bütün məsələlərdə həmrəylik nümayiş etdirir və daim bir-birini tərəddüdsüz dəstəkləyir”, - deyə o qeyd edib.
H.Hacıyev əlavə edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən Prezident Ərdoğan başda olmaqla qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü qətiyyətlə pisləmiş və özünün birmənalı dəstəyini göstərmişdir.
“Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir”, - deyə o vurğulayıb.*
N.Abbasova