Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində Tərtər rayonunda çoxmərtəbəli binanın həyətinə düşən mərmi qəlpələrindən 2 nəfərin həlak olması, 2 nəfərin isə yaralanması barədə məlumat yayıb.
“Sentyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunu intensiv artilleriya atəşinə tutub. Saat 19:00 radələrində mərmilərdən biri əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə düşüb. Nəticədə 1981-ci il təvəllüdlü Xaliq Abbasov və onun qardaşı, 1987-ci il təvəllüdlü Elşən Abbasov həlak olub, daha 2 nəfər isə yaralanıb”, - deyə məlumatda bildirilir.
Daha əvvəl Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində 7 nəfərin həlak olması, 30 nəfərin isə yaralanması barədə məlumat yaymışdı.
Beləliklə, həlak olan mülki şəxslərin sayı 9 nəfərə, yaralananların sayı isə 32 nəfərə çatıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5 maddəsi ilə cinayət işi başlanıb, mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.*
N.Abbasova