Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə bağlı qeyd olunan faktları yerində araşdırmaq məqsədilə artilleriya atəşinə məruz qalmış kəndlərə səfər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
“Ombudsman Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Qaşaltı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə, habelə ağır artilleriya atəşi ilə dağıdılmış evə baş çəkərək vəziyyətlə yerində tanış olub və mülki əhali ilə görüşüb”, – deyə məlumatda bildirilir.
Ombudsman vurğulayıb ki, Ermənistanın növbəti dəfə mülki əhalini qəsdən hədəfə alması beynəlxalq hüquq normalarının, o cümlədən beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının müvafiq müddəalarının kobud surətdə pozulmasıdır.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərinin Qaşaltı kəndində ikisi uşaq (2006 və 2007-ci il təvəllüdlü) olmaqla bütöv bir ailə həlak olub.*
Ə.Məmmədov