Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın statusuna dair məsələni həll etmək hüququna malik deyil. Bunu Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının həmsədri, Qarabağ erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov deyib.
“Ermənistan parlamentarilərinin Qarabağ sakinlərinə nə aidiyyatı var? Paşinyanın, əgər Azərbaycan Qarabağa Azərbaycanın tərkibində müxtariyyət verəcəyi şərti ilə döyüşlərin dayandırılmasına razılıq verirlərmi sualı ilə Ermənistan parlamentinə müraciətinin heç bir mənası yoxdur”, - Ağacanov “İnterfaks-Azərbaycan”a bildirib.
Onun sözlərinə görə, Paşinyan “Qarabağ xalqı” söz birləşməsini istifadə edərkən azərbaycanlıların da fikrini nəzərə almalıdır.
“Qarabağ erməniləri Qarabağ azərbaycanlıları ilə birlikdə beynəlxalq müşahidəçilərin iştirakı ilə şəffaf formada referendumda neçə yaşayacaqlarına özləri qərar verəcəklər, bu, dəqiq olaraq, Ermənistan parlamentinin işi deyil”, - Ağacanov vurğulayıb.
O əlavə edib ki, Azərbaycan Dağlıq Qarabağ sakinlərinə qarşı döyüşmür. “Dağlıq Qarabağda sadə sakinlər analmalıdırlar ki, Azərbaycan onlarla döyüşmür. Azərbaycan sadə insanlara azərbaycanlılarla sülh şəraitində yaşamağa imkan verməyən Ermənistanda və Qarabağda hakimiyyətdə olan şəxlərə qarşı döyüşür”, - fəal qeyd edib. **
X.Nəsirzadə