Fövqəladə Hallar Nazirliyi cəbhəboyu zonada yaşayan əhalinin mülki müdafiəsinin aidiyyəti üzrə təmin edilməsi istiqamətində lazımi tədbirlər görüb. Bu barədə nazirlikdən məlumat verilir.
“Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə şəhər və rayonlarımızda kollektiv mühafizə qurğularının, o cümlədən sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərin hazırlıq səviyyəsi, tutumu, rabitə-xəbərdarlıq sisteminin, kommunal təsərrüfatı, mövcud infrastruktur və kommunikasiya sistemlərinin, nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların, səhiyyə müəssisələrinin imkanları hərtərəfli təhlil edilib, bu istiqamətdə müvafiq tədbirlər görülüb”, - məlumatda qeyd olunur.
Həmçinin, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xarakteri və ölkəmizin müharibə şəraitində yaşadığı nəzərə alınaraq, “Cəbhəboyu zonada və bilavasitə təmas xəttində yerləşən yaşayış məntəqələrinin sakinləri arasında düşmənin mümkün həmləsi zamanı zəruri təhlükəsiz davranış qaydaları barədə geniş maarifləndirilmə işləri həyata keçirilib.
“Əhaliyə fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə kənd sakinlərinin həyətyanı sahələrində yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə qaydaları aşılanıb. Bununla bağlı düşmənin artilleriya zərbələrindən qorunmaq üçün bütün cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb”, - məlumatda vurğulanır.
Bundan başqa, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. **
Ə.Məmmədov