Baş Prokurorluq Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan açdığı atəş nəticəsində daha bir dinc sakinin həlak olması barədə məlumat verib.
“Sentyabrın 29-da saat 13:00 radələrində Ağdam rayonunun Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Elməddin Sarıyev həlak olub”, - bəyanatda deyilir.
Öncə Azərbaycan prezidenti Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan açdığı atəş nəticəsində 10 dinc sakinin ölümü barədə bəyan etmişdi.
Beləliklə, həlak olnalrın sayı 11-ə çatıb.
Baş Prokurorluq vurğulayıb ki, faktla bağlı Ağdam Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci (təcavüzkar müharibəni aparma),186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanıb.
Həmçinin, bildirilir ki, indiyədək ümumilikdə mülki əhalidən 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. **
Ə.Məmmədov