Bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulması zəruridir. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov belə hesab edir.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, sentyabrın 29-da C.Bayramovla Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçyus arasında telefon danışığı olub.
Litvalı nazir bölgədə gərginliklə bağlı narahatlığını ifadə edərək atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb.
“C.Bayramov Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin yeni hərbi təcavüzünə cavab olaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində əks-həmlələr həyata keçirdiyini bildirib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini və obyektlərini hədəfə aldığını litvalı həmkarının diqqətinə çatdıran nazir bunun beynəlxalq humanitar hüququn növbəti dəfə kobud şəkildə pozulması olduğunu vurğulayıb. O, bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın işğalçı siyasətinə son qoyulmasının zəruriliyini diqqətə çatdırıb”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə