Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev və Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani arasında telefonla danışığı baş tutub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verir.
“Söhbət zamanı iki ölkə arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə edilib. Eyni zamanda, dövlət başçıları Ermənistanla Azərbaycan arasında yaranmış gərginliyə dair məsələləri də müzakirə ediblər. Bu baxımdan Qətər dövlətinin Əmiri vəziyyəti sakitləşdirməyə, hər iki ölkənin və xalqın maraqlarının qorunması yolu ilə dialoq və diplomatik vasitələrlə iki ölkə arasında olan mübahisənin həlli üzərində işləməyə çağırıb”, - məlumatda qeyd olunur.
Əliyev bəyan edib ki, sentyabrın 27-də Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törədib. Ermənistanın təmas xətti boyunca yerləşən yaşayış məntəqələrimizi və hərbi birləşmələrimizi ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olub.
“Azərbaycan ordusu düşmənə layiqli cavab verərək uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər», - məlumatda qeyd olunur. **
X.Nəsirzadə