Sentyabrın 27-dən etibarən Qarabağ münaqişəsi geniş miqyasda kəskinləşəndən Rusiya neytrallığını saxlayır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Hazırda Rusiya tamamilə neytral mövqe tutur", – deyə o, “The Spectator” nəşrinə verdiyi müsahibədə Yerevanın Moskvadan dəstək zəmanəti alıb-almaması ilə bağlı sualı cavablandırarkən bildirib.
Paşinyan qeyd edib ki, Qarabağdakı müharibə Türkiyə və Azərbaycan tərəfindən razılaşdırılmış aksiyadır və "bütün prosesə Türkiyə rəhbərlik edir".
"Onlar bunu gizlətməyə çalışmırlar", - deyə o vurğulayıb.
Paşinyanın sözlərinə görə, Türkiyənin hərəkətləri NATO-nun genişlənməsi ilə əlaqəli deyil.
"Görün, Aralıq dənizində və Yaxın Şərqdə nələr baş verir. Türkiyənin etdikləri onun imperiya iddialarının bir hissəsidir. Söhbət təkcə Ermənistanın təhlükəsizliyindən deyil, bütün Cənubi Qafqazdan gedir", - deyə erməni baş nazir bildirib.
O, hazırda Yerevanla Bakı arasında heç bir əlaqənin olmadığını diqqətə çatdırıb.
"Ancaq biz ATƏT-in Minsk qrupunun vasitəçiləri ilə təmasdayıq", - deyə Paşinyan əlavə edib.*