Sentyabrın 27-dən Azərbaycana qarşı döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 2,3 min nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, çoxlu sayda hərbi texnikası isə sıradan çıxarılıb.
“Sentyabrın 27-dən düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib və yaralanıb, 130-dək tank və digər ağır texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dək hava hücumundan müdafiə vasitələri məhv edilib”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Həmçinin düşmənin 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dək tankəleyhinə vasitələr, 55 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
“Dünən gedən döyüşlər ərzində Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusu sıradan çıxarılıb”, – deyə məlumatda qeyd olunur.
Müdafiə Nazirliyi bildirir ki, itirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib. Düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.*