Azərbaycan Respublikasının Baş Prokurorluğu ermənilərin Tərtərə top mərmisi atması nəticəsində 7 mülki şəxsin yaralanması barədə məlumat yayıb.
“Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində 30 sentyabr 2020-ci il tarixində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, o cümlədən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan vurulub”, - deyə məlumatda bildirilir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.
“Baş Prokurorluq tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə