Böyük Britaniyanın "Anglo Asian Mining" şirkəti (AAM - Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF) Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması fonunda fəaliyyətini adi qaydada davam etdirir.
“AAM Qarabağda gərginliyin artması barədə xəbərlərdən sonra ölkədə vəziyyəti diqqətlə izləyir. Bu vəziyyət "Anglo Asian Mining" şirkətinin fəaliyyətinə təsir göstərməyib. Şirkətin Bakı və Gədəbəydəki ofisləri fəaliyyətini adi qaydada davam etdirir”, - deyə şirkətin məlumatında bildirilir.
Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu yataqlardan 400 ton qızıl və 2,5 min ton gümüş hasilatı planlaşdırılır.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” müqavilə sahəsində iki açıq mədəndən (“Gədəbəy” və “Uğur”) və bir yeraltı mədəndən (“Qədir”) qızıl, gümüş və mis hasil edir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin, 2015-ci ilin yayında “Qədir” yatağının, 2017-ci ilin sentyabr ayında isə “Uğur” yatağının işlənməsinə başlayıb.*
N.Abbasova