Azərbaycan BMT Təhlükəsizlik Şurasını Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamənin icra edilməsini təmin etməyə çağırır. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar 2020-ci il sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələr keçirilib. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Ermənistan bu günə qədər həmin qətnamələri icra etməyib. Bu, ilk növbədə, Təhlükəsizlik Şurasının özünə qarşı hörmətsizlikdir”, - deyə H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının üzvləri bütün müvafiq müzakirələr zamanı həmin qətnamələrin icrasının vacibliyi məsələsini qabartmalıdırlar.
“Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədən, Ermənistan qoşunları Azərbaycanın işğal etdiyi ərazilərini tərk etmədən regionda sülhün bərqərar olması mümkünsüzdür”, - deyə H.Hacıyev qeyd edib.*
A.Əzizov