Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiyanı və ya KTMT ölkələrini təmsil edən sülhməramlılardan başqa, heç bir sülhməramlının cəlb edilməsinə ehtiyac yoxdur. Bunu Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Dmitri Novikov deyib.
"Hesab edirəm ki, Rusiya sülhməramlıları və KTMT ölkələrini təmsil edən digər sülhməramlılar istisna olmaqla, başqa kimlərisə cəlb etməyə ehtiyac yoxdur", – deyə o, bu gün “İnterfaks”a bildirib.
Novikov əlavə edib ki, Rusiya Federasiyası "iki xalq arasında münaqişənin nizamlanmasında son dərəcə maraqlıdır və bu mövzuda yalnız siyasi bəyannamələrlə çıxış etməyimiz və lazım gələrsə, sülhməramlı fəaliyyətdə iştirak etməməyimiz qəribə olardı".
Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Viktor Vodolatski “Rusiya sülhməramlılarının yeridildiyi, nəticədə qarşıdurmaların dərhal dayandığı və normal dinc həyatın başladığı Dnestryanı təcrübə”ni münaqişənin həlli üçün ən optimal variant hesab edir.
"Həm Ermənistanın, həm də Azərbaycanın Rusiya üçün bərabər olduğunu nəzərə alaraq, Rusiyanın sülhməramlı kontingenti BMT-dən mandat alaraq orada yerləşə və bu prosesin həllinin qarantı ola bilər", - deyə Vodolatski vurğulayıb.
O qeyd edib ki, "bu, yalnız Rusiyanın sülhməramlı kontingenti olmalıdır”.*