2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 328,3 milyon manatlıq ($193,11 milyon) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə əməliyyatların həcmi 62% azalıb.
Cari ilin avqust ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 81,4% azdır. Xarici vətəndaşlar 2020-ci ilin iyul ayı ilə müqayisədə avqust ayında bank kartları vasitəsilə 2,6 milyon manat çox əməliyyat aparıblar.
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana 649,7 min turist gəlib ki, bu da ötən ilin 8 ayının göstəricisindən 3,3 dəfə azdır.
2019-cu ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 milyard 256,8 milyon manat təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 1,7% azdır.*
B.Rüstəmbəyov