Gürcüstan hökumətinin başçısı Georgi Qaxariya Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəsinin Tbilisidə tərəflərin görüşünün təşkili də daxil olmaqla vəziyyətin həllinə töhfə verməyə hazır olduğunu bəyan edir.
"Azərbaycan və Ermənistan arasında növbəti hərbi qarşıdurma nəticəsində ağır vəziyyət yaranıb, böyük itkilər var və təəssüf ki, atəşkəs elan olunmayıb və dialoq bərpa edilməyib", - deyə Gürcüstan baş nazirinin mətbuat xidmətinin bu gün yaydığı bəyanatda bildirilir.
Baş nazirin sözlərinə görə, hamı vəziyyətin daha da kəskinləşməsinin bütün bölgənin təhlükəsizliyinə son dərəcə mənfi təsir göstərəcəyini anlayır.
"Biz bir daha ATƏT-in Minsk qrupu həmsədrlərini və beynəlxalq aktorları eskalasiyanın dayandırılması və dialoqun bərpa edilməsi üçün öz imkanlarından maksimum dərəcədə istifadə etməyə çağırırıq", - deyə Qaxariya qeyd edib.
Onun sözlərinə görə, Gürcüstanı hər iki ölkə ilə mehriban qonşuluq münasibətləri bağlayır.
"Bölgədə ən qısa müddətdə sülhün bərqərar olması bizim ümumi marağımızdır. Gürcüstan bu prosesə istənilən formada kömək etməyə, o cümlədən dialoqun aparılması üçün Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin görüşünə ev sahibliyi etməyə hazırdır", - deyə o bildirib.*