Rəsmi Bakı ümid edir ki, ATƏT-in Minsk qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, 29 sentyabr tarixində ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib.
“İclasda Azərbaycan Respublikasının ATƏT yanında daimi nümayəndəsi ümidvar olduğunu bildirib ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək”, - deyə XİN-in açıqlamasında bildirilir.
Azərbaycanın daimi nümayəndəsi 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını və cəbhə xətti boyunca iri miqyaslı hərbi təxribatların həyata keçirdiyini vurğulayıb.
Çıxış zamanı beynəlxalq ictimaiyyət tərəfindən, ATƏT daxil olmaqla, Ermənistanın təhrikedici bəyanatlarına və təcavüzkar əməllərinə adekvat reaksiyanın olmadığı, eləcə də Helsinki Yekun Aktının prinsiplərinin yerinə yetirilməsində ikili standart və selektiv yanaşmanın tətbiq edilməsi yalnız işğalçı ölkənin cəzasızlığına yol açan Ermənistanın hazırkı təxribatçı fəaliyyətinə töhfə vermiş olduğu bildirilib.
“Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür”, - deyə XİN-in məlumatında vurğulanır.*
A.Əzizov