Azərbaycan ərazi bütövlüyünü bərpa etməlidir, təmas xəttində döyüşlər tarixi ədalətin bərpa olunmasına yönəlib. Bunu prezident İlham Əliyev deyib.
“Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək. Biz sülh istəyirik, biz məsələnin həllini istəyirik”, - deyə dövlət başçısı bu gün Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanın danışıqlara sadiq qalmağının yeganə səbəbi o idi ki, ümid var idi.
“Bizə ümidlər verilirdi, bizə siqnallar göndərilirdi ki, bir qədər səbir edin, məsələ həll olunacaq. Amma mən demişdim ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Demişdim ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycanın tam haqqı var ki, məsələ hərbi yolla öz həllini tapsın. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik. Dördüncü gündür davam edən döyüşlər tarixi ədalətin bərpasına yönəlib. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir”, – deyə İ.Əliyev vurğulayıb.
Hazırda cəbhə xəttinin müxtəlif istiqamətlərində intensiv döyüşlər gedir.
“Bizim davamız haqq davasıdır. Ümid edirəm ki, biz ədaləti və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri isə işğalçı əsgərlərdir”, - deyə prezident vurğulayıb.
O əlavə edib ki, artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.*
N.Abbasova