Prezident İlham Əliyev Qarabağ münaqişəsi ilə bağlı danışıqların nəticəsiz olduğunu bildirir və ayrı-ayrı ölkələrin dialoqa çağırışını yersiz hesab edir.
“Bilirsiniz, danışıqlarla məşğul olan beynəlxalq format var. Əfsuslar olsun ki, bu format, heç bir nəticə hasil etməyib. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış hesab edirəm ki, yersizdir. Bunu beynəlxalq təşkilatlar edir, bunu BMT edir. Biz bunu təbii ki, qəbul edirik. Bunu ATƏT edir, biz bunu qəbul edirik. Çünki ATƏT-in mandatı var. Yoxsa ki, kimsə deyir gəlin belə dialoqu başlayaq, biz də kömək edək, bunlara ehtiyac yoxdur. İndi həqiqət anıdır”, - deyə o, bu gün bildirib.
Dövlət başçısı təəssüflə qeyd edib ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. “Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək”, - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə göeə, Azərbaycan görür ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. “Sözdə bir şey deyilir, əməldə başqa şey edilir. Amma Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Əlbəttə ki, bu günlərdə bizə dəstək olan ölkələri, təşkilatları, insanları heç vaxt unutmayacağıq”, - deyə prezident qeyd edib.
“Bilirsiniz ki, Azərbaycan dünyada güclü mövqelərə malikdir. Son illər ərzində biz beynəlxalq təşkilatlarda kifayət qədər səmərəli fəaliyyət göstərmişik və haqlı olduğumuzu sübut edə bilmişik. Artıq demək olar ki, bütün əsas beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyir”, - deyə İ.Əliyev bildirib.*
B.Rüstəmbəyov