Ermənistan Azərbaycana qarşı yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər. Bunu prezident İlham Əliyev deyib.
“Mənə gələn məlumatlar onu göstərir ki, bu son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur. Onlar yeni təxribatlar hazırlayır, bizim yaşayış məntəqələrimizi yenə də atəşə tutmaq istəyirlər və bunu davam edirlər. Hər gün mülki əhali arasında itkilərimiz artır. Dünən səhərə olan məlumata görə bizim 10 mülki vətəndaşımız həlak olmuşdur. Bu gün səhər mənə verilən məlumata görə isə həlak olan mülki vətəndaşların sayı 13-ə çatıb. Bu, nə deməkdir? Bu, erməni faşizminin eybəcər sifətini göstərir”, – deyə dövlət başçısı bu gün bildirib.
Əliyev qeyd edib ki, Azərbaycan Ordusu mülki əhaliyə qarşı heç vaxt vuruşmayıb. “Əks-hücum əməliyyatı başlanan kimi mən bizim bütün komandanlara və Müdafiə Nazirliyinə göstəriş verdim ki, mülki əhaliyə qarşı heç bir addım atılmamalıdır. Bizim hədəflərimiz erməni silahlı birləşmələrinin mövqeləri, texnikası, canlı qüvvəsidir. Amma onlar bizim kəndlərimizi, şəhərlərimizi atəşə tuturlar. Onlar döyüş meydanında bizim qarşımızda dura bilmirlər, kəndlərimizi, şəhərlərimizi vururlar. Amma orada yaşayan soydaşlarımızın hamısı yerindədir. Bir santimetr geri addım atmayıblar və əminəm ki, atmayacaqlar. Onlar əmindirlər ki, Azərbaycan Ordusu onları müdafiə edəcək. Onlar səbirsizliklə o anı gözləyirlər ki, işğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılsın və işğala son qoyulsun”, - deyə İ.Əliyev vurğulayıb.*
N.Abbasova