Azərbaycan Mərkəzi Bankı (AMB) koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə dəstəkləyici tədbirlərin müddətini 1 yanvar 2021-ci il tarixinədək uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Əlavə dəstəkləyici tədbirlərin vaxtı 30 sentyabr 2020-ci il tarixində bitməli idi.
Təsdiq edilmiş tədbirlərə əsasən fiziki şəxslərin və biznesin, xüsusilə pandemiyadan təsirlənmiş sahibkarların dəstəklənməsi, bu məqsədlə bankların requlyativ yükünün azaldılması, bəzi iqtisadi sahələrin kredit resurslarına çıxış imkanlarının artırılması, pandemiya dövründə iqtisadi subyektlərin ödəniş xidmətləri üzrə xərclərinin azaldılması, sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması, kapital bazarı iştirakçılarına requlyativ tətillərin və güzəştlərin verilməsi nəzərdə tutulub.
Requlyativ dəstək çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin dəstəklənməsi istiqamətində İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin restrukturizasiyası davam etdiriləcək. 1 mart 2020-ci il tarixinədək verilmiş kreditlərin keyfiyyəti pisləşdirilməyəcək, pandemiya ilə əlaqədar gecikmə ilə bağlı məlumatlar 2021-ci il yanvarın 1-dək kredit bürosuna kredit tarixçəsi pisləşdirilmədən xüsusi qeydlə təqdim olunacaq.
İqtisadiyyatın pandemiyadan təsirlənmiş sahələrində fəaliyyət göstərən sahibkarlara da dəstək davam etdiriləcək. 1 yanvar 2021-ci il tarixinədək restrukturizasiya zamanı sahibkarlara verilmiş kreditlərin keyfiyyəti pisləşdirilməyəcək, kredit faizləri dövlət tərəfindən subsidiyalaşdırılacaq. AMB, həmçinin dövlət fondlarının vəsaiti hesabına verilmiş kreditlərin restrukturizasiyasını da davam etdirəcək. Kreditlərin keyfiyyəti pisləşdirilməyəcək, gecikmə isə 1 yanvar 2021-ci il tarixinədək kredit tarixçəsinə təsir göstərməyəcək.
Bununla yanaşı, banklara əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması tövsiyə edilib.*