Ermənistan Azərbaycan ərazilərini işğal etməsi səbəbindən strateji əhəmiyyətli regional iqtisadi layihələrdə iştirak etmək imkanından məhrumdur. Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
“Bu gün Ermənistan bölgədə həyata keçirilən bütün iqtisadi layihələrdə iştirakdan məhrumdur. Nə üçün? Çünki Ermənistan ərazilərimizdən çıxmayan təcavüzkar ölkədir. Nəyə görə ona bu layihələrdə iştirak etmək imkanı verməliyik?”. - deyə səfir RBK telekanalına verdiyi müsahibədə bildirib.
Diplomat hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə düzgün həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasıdır. Bu, sərhədlərin açılmasına, dinc həyatın və ticarətin bərpa edilməsinə imkan verəcək, azərbaycanlı qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra isə Dağlıq Qarabağın statusu müəyyənləşdiriləcək.
Qarabağın gələcək statusunu şərh edən səfir onun fərqli ola biləcəyini vurğulayıb: "Məsələn, ordudan başqa hər şeyi, öz prezidenti, hökuməti olan Tatarıstanın malik olduğu ən yüksək muxtariyyət statusu. Bu vəziyyətdən başqa çıxış yolu yoxdur və ola da bilməz”.
“Ermənistan tərəfi əvvəllər Qarabağın statusu ilə bağlı referendum keçirilməsini təklif etmişdi. Referendum keçirməyə hazırıq, ancaq azərbaycanlı qaçqınlar öz torpaqlarına qayıtdıqdan sonra”, - deyə səfir əlavə edib.
Diplomatın sözlərinə görə, rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, Azərbaycan kiminsə torpağını ələ keçirtmək niyyətində deyil. "Azərbaycan yalnız Rusiya da daxil olmaqla dünya birliyi tərəfindən qəbul edilmiş və təsdiq edilmiş öz ərazi bütövlüyünün bərpası çərçivəsində hərəkət edir", - deyə o qeyd edib.
Bülbüloğlu münaqişənin həllində Azərbaycana dəstək məsələsində Ankaranın mövqeyi ilə bağlı sualı cavablandırarkən vurğulayıb ki, Türkiyə Azərbaycan üçün qardaş ölkədir. Eyni zamanda, Türkiyə prezidenti "Ermənistan işğal etdiyi əraziləri tərk etməyənədək münaqişənin bitməyəcəyini vurğulayır".
“Beynəlxalq təşkilatlar Türkiyənin bu münaqişədə iştirakı ilə bağlı heç bir məlumatın olmadığını rəsmi şəkildə təsdiqləyir", – deyə diplomat əlavə edib.
Səfir deyib ki, Türkiyəyə məxsus qırıcılar hərbi əməliyyatlarda iştirak etməyib, Azərbaycan Ordusunda isə suriyalı döyüşçülər yoxdur.
“Paşinyanın komandası Türkiyə və Rusiyanı münaqişəyə cəlb etmək üçün qəsdən dezinformasiya yayır. Türkiyədə hamı Ermənistanın KTMT-nin üzvü olduğunu çox yaxşı bilir, ona görə də hərbi əməliyyatlara qarışmırlar. Döyüşlər Azərbaycan ərazisində gedir, buna görə də nə KTMT, nə də digər qüvvələr bu münaqişədə iştirak edə bilməz. Kimsə müdaxilə etsə, bu, suveren əraziyə soxulma demək olacaq. Yalnız bu halda müttəfiqimiz Türkiyə hərbi əməliyyatlarda iştirak edə bilər”, – deyə Bülbüloğlu qeyd edib.*