Azərbaycandakı dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə məktub ünvanlayıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Biz, Azərbaycanda yaşayan dini konfessiyaların rəhbərləri təmsil etdiyimiz dini icmalar adından Zati-alinizi – Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanını Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad edilməsi yönündə qazandığı zəfərlər münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə və bütün həmvətənlərimizə daha böyük qələbələr arzulayırıq. Müstəqil Azərbaycanın suveren hüquqlarının ən ali beynəlxalq müstəvilərdə müdafiəsinə, ölkənin başlıca problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq istiqamətində misilsiz səylərinizə, beynəlxalq hüququn aliliyinə ehtiramınıza hər birimiz şahidik. Lakin Zati-alinizin doğru vurğuladığı kimi, sülhsevər Azərbaycan xalqının səbrinin də hüdudu vardır və Azərbaycan təcavüzkara layiqli cavab verməyə məcbur olmuşdur. İşğal faktını aradan qaldırmaq əvəzinə sülh danışıqlarının üzərindən xətt çəkərək Azərbaycan sərhədlərində ardıcıl təxribatlar törədən Ermənistan tərəfi Azərbaycan dövlətini öz haqqını savaş meydanında müdafiə etməyə vadar etdi”, - deyə müraciətdə qeyd olunur.
Müraciəti imzaladılar: Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi icmasının rəhbəri Robert Mobili.*
B.Rüstəmbəyov