Azərbaycan 2020-ci ilin yanvar-iyul aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 6 milyard 538,82 milyon kubmetr qaz ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 23,1% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
İyul ayında Türkiyəyə 1 milyard 93,83 milyon kubmetr Azərbaycan qazı ixrac olunub, bu isə Türkiyəyə qaz ixracının ümumi həcminin 35,17%-ni təşkil edib (2019-cu ilin iyul ayı ilə müqayisədə artım 21,54%). Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Azərbaycan iyul ayında Türkiyəyə qaz ixracının həcminə görə liderliyini qoruyub saxlayıb. İkinci yerdə Rusiya (27,11%), üçüncü yerdə İran (21,36%), dördüncü yerdə Əlcəzair (12,47%) qərarlaşıb.
Azərbaycan mart ayında Türkiyəyə qaz ixracının ümumi həcmində 23,45% payla birinci yeri tutub.
İyul ayında Türkiyəyə 3 milyard 109,89 milyon kubmetr qaz (2019-cu ilin iyul ayı ilə müqayisədə azalma 4,53%) ixrac edilib. 2 milyard 601,42 milyon kubmetr boru kəməri qazının (ixracın 83,6%-i, 2019-cu ilin iyul ayı ilə müqayisədə azalma 3,1%), 508,47 milyon kubmetr (16,4%, artım 41,5%) isə LNG-nin payına düşüb.
2019-cu ildə Azərbaycan Türkiyəyə "Şahdəniz" yatağından hasil edilmiş 9 milyard 584,78 milyon kubmetr qaz (artım 27,3%) ixrac edib.
Azərbaycan qazı Türkiyəyə yalnız “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində ixrac edilir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), "LUKOIL” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.**
N.Abbasova