Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin sentyabr ayında valyuta hərraclarında $ 606,4 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
ARDNF bu ilin avqust ayında valyuta hərraclarında $478 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabr ayında xarici valyuta satışının həcmi avqust ayı ilə müqayisədə 26,9% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, cari ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında $5 milyard 610,1 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 24,3% - İF) satıb.
Mart ayında neftin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələb artsa da, martın 29-dan etibarən tədricən azalmağa başlayıb.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
ARDNF-dən bildiriblər ki, fond cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
Xəbər verildiyi kimi, fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).**
Ə.Məmmədov