Nazirlər Kabineti Aqrar Sığorta Fondunun nizamnamə kapitalının 1 milyon manatdan 9 milyon manata qədər artırılmasına dair qərar qəbul edib.
Maliyyə Nazirliyinə 2,3 milyon manat məbləğində vəsaitin 10 gün müddətində Fondun təqdim etdiyi bank hesabına ödənilməsini təmin etmək tapşırılıb.
Bundan başqa, nazirlik 2021-ci ilin dövlət büdcəsi layihəsində nizamnamə kapitalının ödənilməsi məqsədilə 1,7 milyon manat məbləğində vəsaiti nəzərdə tutmalıdır.
Maliyyə Nazirliyi, həmçinin Fondun xeyrinə 5 il müddətinə 4 milyon manat məbləğində sadə faizsiz şərtli veksel verilməsini təmin etməli, Fondun likvidlik riski olduqda, veksel üzrə müvafiq həcmdə ödənişi həyata keçirməlidir.
Prezident İlham Əliyev 2019-cu ilin avqust ayında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən Qanun aqrar sığorta sahəsində əsas anlayışları, dövlətin vəzifələrini, aqrar sığortanın predmetini, aqrar sığorta üzrə təminat verilən riskləri, aqrar sığortanın tənzimlənməsini və digər aspektləri nəzərdə tutur.*
Ə.Məmmədov