Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici jurnalistləri hərbi əməliyyatları işıqlandırmaq üçün işğal altında olan Azərbaycan ərazilərinə Bakının icazəsi olmadan səfər etməməyə çağırıb.
“Ermənistan xarici jurnalistləri müxtəlif adlarla dəvət edərək Dağlıq Qarabağa aparır, onları hədəfə çevirməyə çalışır. Bir daha xarici jurnalistləri rəsmi Bakının razılığı olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırırıq”, - deyə o, bu gün keçirilən brifinqdə bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, bu torpaqlar Azərbaycanın suveren əraziləridir və rəsmi Bakının icazəsi olmadan bu torpaqlara səfər qanunsuzdur.
“Həmin ərazilər işğal olunduğu üçün Azərbaycan oradakı jurnalistlərin təhlükəsizliyinə cavabdeh deyil. Bu məsuliyyət Ermənistanın və oyuncaq rejimin üzərinə düşür. Həmin jurnalistlər məqsədli şəkildə atəş nöqtələrinin yaxınlığına gətirilir”, – deyə diplomat vurğulayıb.
Hacıyev etnik ermənilərin yaşadığı ölkələrin rəhbərlərinə müraciət edərək, onları Azərbaycana qarşı təxribatlara mane olmağa çağırıb və vurğulayıb ki, digər ölkələrdən olan ermənilər Azərbaycan ərazisində vuruşacaqları təqdirdə avtomatik olaraq hərbi hədəfə çevrilirlər.
"Son günlər sosial şəbəkələrdə müxtəlif ölkələrdən olan ermənilərin Azərbaycan ərazisində gedən hərbi əməliyyatlarda Ermənistanın tərəfində iştirak etmək üçün qruplaşmalar yaratmaq çağırışları səslənir. Biz bu ölkələrin rəhbərliyini Azərbaycana qarşı bu cür təxribatların qarşısını almağa və tədbirlər görməyə çağırırıq. Əgər bu şəxslər Azərbaycan ərazisinə daxil olub Azərbaycan Ordusuna və dinc əhaliyə silah qaldırsalar, Cenevrə konvensiyalarına və beynəlxalq humanitar hüquqa əsasən avtomatik olaraq legitim hərbi hədəfə çevrilirlər", - deyə Hacıyev bildirib.
O, həmçinin xarici ölkələri üçüncü ölkələrin vətəndaşları olan ermənilərin Azərbaycana qarşı kiberhücumlarına mane olmağa çağırıb.*
Ə.Məmmədov