Ermənistan “Smerç” reaktiv yaylım atəşi sistemindən istifadə edərək öz ərazilərindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutur. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Oktyabrın 1-dən Ermənistan silahlı qüvvələri “Smerç” sistemindən istifadə edərək Ermənistanın Gorus rayonu istiqamətindəki mövqelərdən Azərbaycanın Füzuli və Cəbrayıl rayonları istiqamətində mülki və yaşayış obyektlərini atəşə tutmağa başlayıb. Xüsusilə Cocuq Mərcanlı kəndi intensiv atəşə məruz qalıb, nəticədə 20 yaşayış evinə ziyan dəyib”, - deyə Hacıyev bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, oktyabrın 2-də Ermənistan silahlı qüvvələri “Toçka-U” raket sistemindən istifadə edərək Ermənistanın Vardenis rayonu istiqamətindəki mövqelərdən Azərbaycan Ordusunun Şəmkir rayonu istiqamətindəki mövqelərinə zərbə endirib.
“Hazırda monitorinq aparılır və infrastruktura dəymiş ziyan hesablanır. Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Silahlı Qüvvələri legitim hərbi hədəflərə qarşı özünümüdafiə hüququndan istifadə edərək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görəcək. Məsuliyyət tamamilə Ermənistan rəhbərliyinin üzərinə düşür”, - deyə Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, sentyabrın 27-dən bəri ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 20-dən çox dinc sakin həlak olub, 50-dən çox şəxs yaralanıb.*
X.Nəsirzadə