Müddətli hərbi xidmətə çağırılanlar və qismən səfərbərlik çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına çağırılan şəxslər Qarabağda döyüş zonasına göndərilmirlər. Bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev deyib.
"1 oktyabr 2020-ci il tarixindən Silahlı Qüvvələrdə xidmət üçün nəzərdə tutulan payız çağırışı başlayıb. Qeyd etmək istəyirəm ki, çağırışçılar döyüş bölgəsinə göndərilmirlər. Bütün çağırışçılar 3 ay müddətində təlim məntəqələrinə göndərilirlər, onlar burada hərbin sirlərini öyrənəcəklər", - deyə Abdullayev bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, “Qismən səfərbərlik haqqında” Fərman çərçivəsində Silahlı Qüvvələrin sıralarına çağırılmış şəxslər də aktiv hərbi əməliyyatlar zonasına göndərilmirlər. “Hazırda onlar da təlim məntəqələrinə göndərilir”, - deyə birinci müavin əlavə edib.*
A.Əhmədov