Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttinin hər iki tərəfində zərər çəkmiş mülki əhaliyə 500 min avro məbləğində ilkin təcili yardımın göstərilməsi barədə məlumat yayıb.
"Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar artıq dinc sakinlərin həyatına son qoyub. Beynəlxalq humanitar hüquqa hörmət göstərilməli, mülki əhali və infrastrukturun qorunması təmin edilməlidir", - deyə Avropa Komissiyasının antiböhran idarəçiliyi üzrə nümayəndəsi Yanez Lenarçiç bəyan edib.
O qeyd edib ki, Aİ şiddətdən zərər çəkən bütün insanlarla həmrəydir və insanlar əziyyət çəkməyə davam edərlərsə, gələcəkdə də humanitar yardım göstərməyə hazırdır.
"Biz hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq", - deyə Avropa komissarı vurğulayıb.
Aİ-nin maliyyə vəsaiti bir neçə min insanı tibbi xidmət, tibbi avadanlıq, qida məhsulları ilə təmin etməyə və digər təxirəsalınmaz yardım göstərməyə imkan verəcək.
500 min avro məbləğində ilkin maliyyə vəsaiti Aİ-nin Beynəlxalq Qızıl Xaç Komitəsi kimi humanitar tərəfdaşlarına hərbi əməliyyatlardan zərər çəkmiş insanlara təxirəsalınmaz yardım göstərməyə imkan verəcək.*