Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hesab edir ki, Ermənistan hərbi hava qüvvələrinə məxsus iki “Su-25” tipli təyyarənin düşməsinə səbəb pilotların qeyri-peşəkar olmasıdır.
“Ermənistan dezinformasiya və yalan təbliğat yaymaqda davam edir. Biz onların məkrli planını uğurla və effektiv şəkildə ifşa etdik, bunu Ermənistan üçün böyük biabırçılıq hesab edirik. Onlar “Su-25” qırıcısının Türkiyənin “F-16” qırıcısı tərəfindən vurulduğunu iddia etdilər. Biz dərhal bəyan etdik ki, Azərbaycan Ordusunun arsenalında belə qırıcılar yoxdur və Azərbaycan bu texnologiyalardan istifadə etmir”, - deyə Hacıyev bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, əldə edilən məlumatlara əsasən sübut edildi ki, Ermənistan ərazisindən havaya qalxmış iki “Su-25” qırıcısı Azərbaycan ərazisinə zərbə endirmək istəyib. “Lakin qeyri-peşəkarlıqları səbəbindən dağlıq ərazidə toqquşduqdan sonra partlayıblar. Ancaq Ermənistan rəhbərliyi bu həqiqətləri xalqından gizlədir, buna görə də erməni ictimaiyyətinə doğru məlumat vermir, yalnız dezinformasiya yayır”, - deyə Hacıyev vurğulayıb.
Eyni zamanda, prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 1-də Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində Azərbaycan Silahlı Qüvvələrinin müşahidə dronlarının İrəvan və Abovyan səmaları üzərində uçduğunu bildirərək növbəti “feyk nyus” yayıb. “Paşinyan, həmçinin bu dronların vurulduğu barədə də məlumat yayıb. Bu xəbər yalan və növbəti təxribatdır. Ermənistan müdafiə nazirliyi bu yalan xəbəri dəstəkləyərək, bu dronların məhv edilməsi barədə uydurma video yayıb və sonradan Ermənistanın internet məkanında ifşa edilib”, - deyə Hacıyev qeyd edib.*
X.Nəsirzadə