Ermənistan silahlı qüvvələri bu gün Tərtər şəhərinə 2 mindən çox artilleriya mərmisi atıb. Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir. Təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu, vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir”, - deyə o vurğulayıb.
H.Hacıyev Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkətini müharibə cinayəti adlandırıb.
“Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”, - deyə o qeyd edib.*
N.Abbasova