Rusiya Federasiyası və İranın xarici işlər nazirləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif bu gün telefonla Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
"Hər iki tərəf davam edən genişmiqyaslı hərbi əməliyyatlardan, habelə Suriya və Liviyadan qanunsuz silahlı birləşmələrin döyüşçülərinin hərbi əməliyyatlara cəlb olunmasından ciddi narahatlıq ifadə edib. Atəşin dərhal dayandırılması və gərginliyin azaldılmasına, təxribatçı və döyüşkən ritorikanın yolverilməzliyinə çağırış səsləndirilib", - deyə Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir.
Nazirlər region ölkələrinin, xüsusilə Azərbaycan və Ermənistanın qonşularının tərəflərin tezliklə danışıqlar masasına qayıtması üçün əlverişli şəraitin yaradılmasında oynaya biləcəyi vacib rolu qeyd ediblər.
"Lavrov vurğulayıb ki, Rusiya həm milli baxımdan, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin üçlüyü çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik vasitələrlə həllinə dəstək üçün vasitəçilik səylərini davam etdirəcək", - deyə məlumatda qeyd olunur.*