Atəşkəsin şərti Ermənistan silahlı qüvvələrinin Azrbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə olmalıdır ki, onlar (erməni hərbçiləri - İF) ərazilərdən çıxmalıdırlar. Qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik», - Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu şərtlərə əməl olunacağı təqdirdə münaqişənin həlli üçün diplomatiya işləyə bilər.
“Yeri gəlmişkən, Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl biz danışıqlar masasındakı məsələləri müzakirə edəndə ilk bənd o idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur və düşünürəm ki, bunu tələb etməyə haqqımız var”, - Azərbaycan prezidenti əlavə edib. **
A.Əzizov