Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində hərbi əməliyyatlarda Türkiyənin hərbi qulluqçularının iştirakına dair məlumatı bir daha təkzib edib.
“Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla bağlı artıq bəyanatlar vermişəm”, - Əliyev hərbi əməliyyatlarda Türkiyənin hərbçiləri, təyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistan rəhbərliyinin iddialarını şərh edərkən “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bildirib.
Prezident qeyd edib ki, Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə Azərbaycana tam dəstəyini ifadə etdi. “Qardaşım, prezident Ərdoğan dəfələrlə çox mühüm bəyanatlar verib. Lakin Türkiyə heç bir şəkildə münaqişəyə cəlb olunmayıb”, - Azərbaycan prezidenti əlavə edib.
Əliyev əlavə edib ki, Azərbaycan Türkiyənin dəstəyini hiss edir və buna görə çox minnətdardır.
O cümlədən, o vurğulayıb ki, Türkiyəyə məxsus F-16 təyyarəsinin guya Ermənistanın Su-25 təyyarəsini vurması barədə məlumat Ermənistan mətbuatının feyk xəbəridir. “Bu, feyk xəbərdir.Sübut haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən təəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət bildirir”, - dövlət başçısı qeyd edib.
Əliyev əlavə edib ki, Ermənistanın Su-25 təyyarəsi pilotun təcrübəsizliyi ucbatından qəzaya uğrayıb.
Prezident vurğulayıb ki, Ermənistana məxsus təyyarənin Türkiyənin qırıcı təyyarəsi tərəfindən vurulmasına dair söhbətlərin sübutu yoxdur. “Mən Fransa prezidentinə də bu barədə dedim”, - o əlavə edib.
Əliyev qeyd edib ki, Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil belə yoxdur. “Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var”, o vurğulayıb.
Prezident qeyd edib ki, əksinə, Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. “Ona görə də onlar özləri Yaxın Şərqdən insanları cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil. Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik”, - o bildirib. **
A.Əzizov