Ermənistan silahlı qüvvələri tərəfindən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin vurulması barədə növbəti bəyanat dezinformasiyadır. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.
O bildirib ki,“Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb. Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar", - Dərgahlı qeyd edib.
O vurğulayıb ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr vurulmayıb. “Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi dərc olunur», - Dərgahlı əlavə edib. **