Ermənistan jurnalistləri hərbi əməliyyatların getdiyi Dağlıq Qarabağ zonasına gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür. Bu barədə Azərbaycan XİN-in bəyanatında deyilir.
“Xüsusi narahatlıq doğuran haldır ki, Ermənistan bəzən jurnalistləri və digər media mütəxəssislərini aktiv hərbi əməliyyatların getdiyi ərazilərə gətirərkən, onları döyüşçülərdən aydın şəkildə ayırmaq üçün bilərəkdən lazımi tədbirlər görmür”, - bəyanatda vurğulanır.
XİN-in rəyinə görə, bununla Ermənistan anti-Azərbaycan təbliğatı məqsədi ilə münaqişə zonasında fəaliyyət göstərən jurnalistlərin təhlükəsizlik və mühafizəsini risk altına atır.
XİN Ermənistanın bu məsuliyyətsiz davranışını öz-özlüyündə, onun beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü mülki əhalini və mülki obyektləri hücumların təsirindən qorumaq üçün bütün mümkün tədbirləri görmək öhdəliyinin ciddi şəkildə pozulması kimi dəyərləndirir.
Bundan başqa, XİN xarici jurnalistləri bir daha Azərbaycanın müvəqqəti işğal olunmuş ərazilərinə səfər etməməyə və ya xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası ilə bağlı Azərbaycan Respublikasının qayda və qanunlarına ciddi şəkildə riayət etməyi tövsiyə edir.
Öncə Rusiyanın bir sıra KİV və şou biznes nümayəndələri sosial şəbəkələrdə öz səhifələrində aktiv döyüş əməliyyatları zonalarından müxtəlif fotolar dərc ediblər. Həmçinin, həmin şəxslər erməni hərbçilərinin geyimində olublar, onların üzərində KİV nümayəndələri və ya mülki vətəndaş olduqlarına dair heç bir nişan olmayıb. **